Milli.Az - İnternet Portalı

Şou-biznes

Azərbaycanlı teleaparıcı stilist Samirə od qoydu - FOTOSESSİYA - YENİLƏNİB

23.02.2012 18:34
Teleaparıcı Mikayıl Güləddinoğlu səsləndirdiyi fikirlərə haqq qazandırdı.
18:34

Milli.Az-da oxucuların yetərincə maraq göstədikləri bu hadisəyə Space TV-nin simalarından biri Mikayıl Güləddinoğlu tərəfindən də cavab gəldi. İlk telefon zəngimizdə baş verənləri bizdən öyrəndiyi üçün, Mikayıl, özünəməxsus şəkildə reaksiya göstərdi: “Nə gözəl? Sevindirici haldır... Samir Əliyev məni məhkəməyə verir?” deyib, öncə məqaləni oxumaq istəyini açıqladı və bir neçə dəqiqədən sonra belə bir açıqlama ilə çıxış etdi: “Əstağfurullah, mən nə üçün Samirə qoyun deməliyəm? Sözlərimin təsdiqi kimi verilişimizdə yayımlanan o hissəni də sizə təqdim etməyə hazıram. Orada öz rəyimi bildirmişdim ki, stilist kimi istifadə etdiyi papağı çobanlar qoyun sürüsünü otarmağa gedərkən (bölgələrdə yaşayan insanlar “qoyun nobatı” deyirlər - red.) istifadə edirlər. Mən uşaq olarkən belə görmüşdüm, yəqin kəndlərdə yaşayan insanlar yenə bu növbəli işlərini davam etdirirlər. Bundan artıq heç nə deməmişəm. Ona görə də Samirin məndən üzr istəyəcəyini gözləməsi isə absurddur, bu, yalnız onun yuxusunda baş verə bilər. Yazılan məqalədə bir ifadə ilə razılaşmadım: o, deyir ki, Mikayılın səviyyəsi imkan vermir adımı çəkməsi üçün. Xahiş edirəm, cavabımı dediyim kimi dərc edin, əgər səviyyə Samirlə ölçülürsə, mən o, dərəcəyə qalxmaq istəmərəm, özüm kimi olum, bəsimdir. Reklam olunmaq istəyimə gəldikdə isə çox istərdim ki, əgər adım hallanarsa, həmin şəxs Azərbaycanın xalq artisti, tanınmış diktor Rafiq Hüseynov, tanınmış teleaparıcı Rafiq Haşımov və ya başqaları olsun. Bəlkə də mövzudan kənara çıxdım, qoy deyim ki, öz yaşıdlarım arasında da rəqabətə can atmıram. Etiraf edim ki, görüb-götürən hesab edirəm özümü. Bu sırada tanınmış teleaparıcılardan Emin Musəvini, baxmayaraq məndən gəncdir, amma təcrübəsi yetərincə olan İlkin Həsəninin adlarını çəkə bilərəm. Samir Əliyevlə qalmaqal vasitəsilə piar olunmaq?! Həmin istək ürəyimdən keçəndə, ifadəmə görə üzr istəyirəm, gərək göydən başıma yekə bir daş düşə”.

Söhbət əsnasında Mikayıla tövsiyə etdik ki, bəlkə real məhkəməyə qədər, özü öz verilişində Samirin iştirakı ilə “xalq məhkəməsi” qursun. Güləddinoğlu etiraz etmədi və sözlərindən yəqin etdik ki, stilisti təhqir etmədiyi üçün incikliyin aradan qalxmasına heç bir etirazı yoxdur.

--------
15:31

Teleaparıcı Mikayıl Güləddinoğlu (Həsənbəyli) yerli telekanalların birində müəllifi olduğu verilişində Azərbaycanın tanınmış top-stilisti Samir Əliyevin geyim tərzlərini bəyənmədikləri müğənniləri - Ayan Babakişiyeva, Elza Seyidcahan və Xatirə İslamı qonaq edərək canlı efir vasitəsi ilə onların cavablarını tamaşaçılara çatdırıb. Milli.Az olaraq xatırlatma edirik ki, bu mövzu ilk olaraq fevralın 16-da saytımızda işıqlandırılıb. Oxucular bir daha linkə daxil olub, təkrar oxuya bilərlər.(http://www.milli.az/news/showbiz/97387.html)

Veriliş zamanı Mikayıl tərəfindən təhqir olduğunu iddia edən Samir yeni bir qalmaqalın təməlini qoymasından ehtiyatlanmadan müsahibə verməkdə maraqlı oldu.

- İlk əvvəl yada salmaq istəyirəm ki, efirin öz qayda-qanunları var. Aparıcının söylədiyi fikirlər tamaşaçıların diqqət mərkəzindədir. Və bu nə dərəcədə düzgündür, aparıcının (Mikayılı nəzərdə tutur - müəllif) məni çoban adlandırması, hətta qoyun deməsi?..

- Samir, verilişdə nə baş verdi ki, o səni qoyun adlandırdı?

- Verilişdə üç xanım müğənni qonaq iştirak edirdi. Və onların hər biri mənə cavab olaraq müxtəlif sözlər deyərək, məni bəyənmədiklərini söylədilər. Amma Mikayıl dedi ki, Samirin başındakı qoyunun yunundan hazırlanan papaq çobanları xatırladır. O qoyundur ki, belə qoyun papağından istifadə edir. Mənə qoyun deyib, çoban adlandırdı. Deyim ki, həmin papaq dünyaca məşhur "Galliano"nun 2012-ci il kolleksiyasından bahalı geyim aksesuarıdır. Bu nə dərəcədə düzgündür? Mən axı çoban papağını İçərişəhərdə olan əntiq mağazalardan almamışam ki, kimsə mənə bu adı yaraşdırır. Və xahiş edirəm, yazın ki, çobanların xətrinə də dəymək istəmirəm.

Bu insan Samir Əliyevi tanımaya-tanımaya, məni canlı yayımda təhqir edir. İradım odur ki, mən də Mikayılı tanımıram və verilişi haqqında heç bir məlumatım belə yox idi. Dostlarım zəng edib dedilər ki, proqrama baxım. Yaratdığınız fürsətdən istifadə edib demək istəyirəm ki, əgər o, növbəti verilişində açıq şəkildə məndən üzr istəməsə, məhkəməyə müraciət etmək yeganə çıxış yolum olacaq. Və ümidvaram ki, təhqir olunduğum üçün qalib də gələcəyəm. Təkrar edirəm: bunu özümə qarşı təhqir hesab edirəm. Fikrimcə, bu sözləri hansısa savadsız bir insan desəydi, düşünərdim, bəlkə də söhbətin üstündən də keçərdim. Məsələnin başqa səbəbi də var. Açıq-aydın görünür ki, aparıcı özünü reklam etmək üçün adımı çəkir. Sıradan bir insan olsaydım, o əsla adımı hallandırmazdı. Gündəmə gələcəyini çox gözəl bilirdi. Lakin bir şeyi unudub, yəqin ağlına belə gəlmirdi ki, haqqımda dediyi sözlər ona baha başa gələcək.

Mikayıl, sənə bir söz demək istəyirəm. Bil ki, mənim adımdan istifadə edib, özünə heç vaxt reklam qazana bilməyəcəksən. Sən gərək elə səviyyəyə çatasan ki, mən sənin adını çəkib piar edim...

Milli.Az olaraq hələlik qarşı tərəf kimi teleaparıcının fotolarını yayımlayırıq. Amma mövqeyini işıqlandırmağa çalışacağıq. Oxucuların diqqətinə çatdırmaq istəyirik ki, Mikayıl, Samir Əliyevə “qoyun” adını təkrar yayımladığımız bu cəsarətli fotosessiyasından sonra yaraşdırıb. Ardı var...

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




























yuxarı
Əsas səhifə

ILK-10