Siyasət
Türkiyənin daxili işlər naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
23.02.2012 16:50
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzərTAc-ın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üstünə çiçək düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklil qoyub.
Milli.Az