28.01.2012
23:04
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 27-də Davosda Azərbaycana həsr olunan interaktiv sessiya keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
Tədbirin aparıcısı, Davos Forumunun icraçı direktoru Börge BREND iştirakçıları Azərbaycana həsr edilmiş interaktiv sessiyada salamlayaraq, ölkəmizin davamlı inkişaf yolunda olduğunu bildirdi. Azərbaycanın coğrafi baxımdan strateji mövqedə yerləşdiyini qeyd edən Börge Brend dünyada maliyyə böhranının mövcud olduğu bir dövrdə ölkəmizin qeyri-neft sektorunda 9 faiz iqtisadi artıma nail olduğunun əhəmiyyətini vurğuladı və bu tədbirdə Azərbaycan iqtisadiyyatında çoxşaxəliliyin müzakirə mövzusu olacağını dedi.
Börge Brend Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini bildirdi.
Davos Forumunun icraçı direktoru Azərbaycanın perspektivləri, regiondakı rolu, ölkəyə qoyulan investisiyalarla bağlı dövlətimizin başçısı İlham Əliyevin fikirlərinin böyük maraq doğurduğunu da vurğuladı.
Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:
- Çox sağ olun. Əvvəlcə bu cür görüşü təşkil etdiyiniz üçün sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Davosa gəlməyimə şadam. Bu dəfə Azərbaycana həsr olunmuş xüsusi tədbirdə iştirak edirik. Bu gün Azərbaycanın Davosda daha da geniş şəkildə təqdim olunduğuna şadam. Burada bizim ənənəvi xalçalarımız və milli mətbəximiz sərgilənir.
Əlbəttə ki, biz Bakıdan gəlmişik. Burada da özümüzü Bakıdakı kimi hiss etdik.
Ölkə uğurla inkişaf edir. Son bir neçə ildə iqtisadi inkişaf göstəriciləri, doğrudan da heyranedicidir: 2004-cü ildən etibarən bu, 300 faiz təşkil edib. Əlbəttə, biz anlayırıq ki, bu artımın ən böyük hissəsi neft və qaz sektorunun payına düşür. Bu da 20 ildir müstəqil yaşayan bir ölkə üçün təbii haldır.
Hər bir ölkə, xüsusən də keçid dövrünü yaşayan ölkə bütün resurslarından, təbii sərvətlərindən istifadə etməlidir ki, güclü iqtisadiyyat qursun. Bu, bizim məqsədimiz və siyasətimiz idi. Çoxmilyardlı iri sərmayələrin neft və qaz sektoruna cəlb edilməsi bizə iqtisadiyyatımızı şaxələndirməyə kömək edir. İndi biz qarşımızda yeni məqsəd qoymuşuq.
Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik.
Neft və qazı hasil edən ölkə kimi biz həmişə ümumi daxili məhsula qeyri-enerji və enerji ümumi daxili məhsulu nöqteyi- nəzərindən baxırıq. Beləliklə, keçən il qeyri-neft sənayesi 11 faiz, qeyri-neft sektoru isə 9 faiz artıb. Bu gün qarşıda duran məqsədimiz ölkənin müasirləşdirilməsi, şaxələndirilməsi və növbəti 10-12 il ərzində sürətli inkişafıdır. Çünki ölkənin regionlarının inkişafı ilə bağlı ilk proqram 2004-cü ildə qəbul olunmuşdur. Bununla da, 2014-cü ildə biz 10 illik inkişafın yeni mərhələsinə başlayacağıq. Biz çox sayda xarici sərmayələrdən bəhrələnirik. Son 15 il ərzində qoyulan sərmayələrin ümumi həcmi təqribən 110 milyard dollar təşkil edib. Təkcə keçən il ölkəyə 20 milyard dollar məbləğində sərmayə yatırılıb ki, bunun da 7 milyardı xarici sərmayələrin payına düşür. Bu da onu göstərir ki, Azərbaycan hələ də xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, təkcə neft və qaz ilə bağlı deyildir.
İndi neft və qaz sahəsində sərmayələrin həcmi düşməkdədir, çünki bütün əsas layihələrin icrası başa çatıb. Sənaye, turizm və xidmət sahələrinə qoyulan sərmayələr artmaqdadır.
Neft və qaz satışından əldə etdiyimiz maliyyə resurslarını iqtisadiyyatın real sektorlarına – informasiya texnologiyaları, təhsil sahələrinə yönəltmişik.
Bir neçə il əvvəl mən bəyan etdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksək səviyyəli texnoloji tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür. Buna görə də, biz gənclərimizi dünyanın aparıcı universitetlərində təhsil almağa göndəririk və yaxşı nəticələr görürük.
Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətədavamlılığı da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir.
Əlbəttə ki, enerji sektoru iqtisadiyyatımızda üstünlük təşkil etməkdə davam edəcəkdir. Bu, təbiidir, çünki neft istehsalı təqribən 50 milyon ton təşkil edir. Qaz istehsalı isə bu il 30 milyard kubmetrə yaxın olacaqdır. Yeni layihələr və sərmayələrlə bu rəqəm 50 milyarda da çata bilər. Beləliklə, qeyri-enerji iqtisadiyyatımızda nə qədər artım əldə etməyə çalışmağımıza baxmayaraq, enerji həmişə ümumi daxili məhsulda üstünlük təşkil edəcəkdir. Lakin bu, təbii haldır və yeni üfüqlər açır. Çünki indi Azərbaycanın iqtisadi və enerji siyasəti, həmçinin ölkənin siyasi çəkisinə transformasiya olunur.
Avropa İttifaqı bizi Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub” qaz dəhlizinə töhfə verən və bunu mümkün edən ölkə kimi qiymətləndirir. Ötən bir neçə ay ərzində biz çox mühüm nailiyyətlər əldə etmişik, tranzitə dair sazişlər və böyük həcmdə Azərbaycan qazını Avropa ölkələrinə çatdıracaq qaz boru kəmərinin tikintisinə dair sazişlər imzalamışıq. Bu, öz növbəsində bizə hələ 1994-cü ildə başladığımız ilk enerji layihələrindən daha çox fayda gətirəcəkdir. Çünki o zaman bu qədər genişmiqyaslı fəaliyyəti yerinə yetirə biləcək şirkətlər yox idi. İndi isə bizim iri tikinti şirkətləri - xidmət, enerji, qeyri-enerji sahələrində fəaliyyət göstərən şirkətlərimiz vardır ki, onlar da qaz yataqlarına qoyulan bu 20 milyard dollarlıq sərmayənin bir hissəsi olacaqdır. Belə ki, bu sərvət çoxşaxələnmiş bir üsulla yayılacaqdır.
Ümumiyyətlə, iqtisadiyyatda hazırda rol oynayan nailiyyətlərimizdən biri də şəffaflıqdır.
Azərbaycan Beynəlxalq Şəffaflıq Təşəbbüsünə səkkiz il əvvəl qoşulub və indi həmin təşəbbüsün tam hüquqlu üzvüdür. Biz enerji sektorumuzda tam şəffaflığa nail olmuşuq. İndi biz sistemi dəyişirik. Bu yanaşmanı bütövlükdə maliyyə sistemində tətbiq edirik. Beləliklə, gələcək üçün perspektivlər müsbətdir, iqtisadiyyat sabit, davamlı, özünü təmin edəndir, enerji sektorundan güclü dəstək alır və ölkənin strateji gələcəyinin tam aydın mənzərəsini yaradır. Ən ali məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Bizim bütün qurumlarımız və nazirliklərimiz bunun üzərində çalışırlar. Bu gün rabitə və texnologiya, maliyyə, ekologiya və təbii sərvətlər nazirləri də buradadırlar. Onlar da təmsil etdikləri sektorlar haqqında daha geniş məlumat verəcəklər.
X X X
Sonra aparıcı regional və beynəlxalq məsələlərin hazırkı vəziyyəti ilə bağlı dövlətimizin başçısından fikirlərini bölüşməsini xahiş etdi.
Prezident İlham ƏLİYEV dedi:
- Azərbaycan 20 ildir ki, müstəqil dövlətdir. Hamıya məlumdur ki, Azərbaycan müstəqil siyasətə və strategiyaya malikdir. Bizim bütün siyasi təşəbbüslərimiz, xüsusilə regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz çox müsbət zəmin əsasında qurulub. Bizim məqsədimiz xeyli sayda regional dövlətlərin iştirak etdiyi layihələr və əməkdaşlıq vasitəsilə tərəfdaşlıq qurmaqdır. Coğrafi mövqe baxımından Azərbaycan İpək yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Qeyd etdiyim kimi, bizim təşəbbüslərimiz regional dövlətləri əhatə edir və onlar da Azərbaycanın inkişafından və fəaliyyətindən bəhrələnirlər. Beynəlxalq səviyyədə bizə çox böyük dəstək göstərilir. Biz bunu daim hiss edirik. Belə ki, təşəbbüslərimizin çoxu beynəlxalq birlik tərəfindən dəstəklənir. Lakin bu dəstəyin ən yaxşı göstəricisi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilərkən özünü göstərdi. Bu, asan məsələ deyildi. Mühüm məsələ ondan ibarət idi ki, bu seçkilərdə 155 dövlət Azərbaycana səs verdi.
X X X
Sonra Azərbaycanın maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:
- Cənab Prezident giriş nitqində Azərbaycanın iqtisadi göstəricilərindən danışdı. Bir neçə ildir ki, Azərbaycanda güclü iqtisadi inkişaf gedir. Bu inkişaf əsasən Azərbaycanda enerji istehsalının xeyli dərəcədə genişlənməsi hesabına baş verir. Lakin eyni zamanda, ölkəmizin siyasəti iqtisadiyyatı şaxələndirməkdən ibarətdir. Bu baxımdan növbəti 10 ildə ümumi daxili məhsulun 2 dəfə artırılmasını qarşımıza məqsəd qoymuşuq.
Samir Şərifov bununla bağlı müxtəlif sahələrdə aparılan işlərdən danışdı. Nazir dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişafa nail olunduğunu və maliyyə sabitliyinin təmin edildiyini bildirdi. Maliyyə naziri milli valyutanın məzənnəsinin sabit olaraq qaldığını, maliyyə, bank və vergi sisteminin dayanıqlılığının təmin olunduğunu və bu sahədə inkişafın davam etdiyini dedi. Samir Şərifov Azərbaycanın maliyyə-bank sistemində əldə olunmuş uğurların beynəlxalq kredit agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini bildirdi. Qeyd etdi ki, dünyada maliyyə böhranının davam etdiyi indiki zamanda əksər ölkələrin kredit reytinqləri aşağı salındığı bir məqamda, Azərbaycanın kredit reytinqi daha da artırılıb.
X X X
Sonra rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış etdi:
- Beynəlxalq reytinq agentliklərinin qərarına əsasən, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafın səviyyəsi inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır. Beləliklə, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı ən prioritet sahələrdən biri kosmik sənayenin inkişaf etdirilməsidir. Bu il Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması planlaşdırılır. Digər bir sahə - infrastruktur sahəsidir. “Elektron hökumət”in və ictimai informasiya xidmətlərinin yaradılması, o cümlədən informasiya təhlükəsizliyinin təmin edilməsi də prioritet sahələrdəndir. Biz həm də Azərbaycanın İKT sahəsində regional layihələrdə fəal iştirakını daha da genişləndirməyi təmin etmək istiqamətində səylər göstəririk.
Əli Abbasov ölkəmizə xarici investisiyaların cəlb olunması, həmçinin xarici şirkətlərlə əməkdaşlıq üçün əlverişli biznes və sərmayə mühitinin olduğunu diqqətə çatdırdı.
Daha sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV çıxış etdi. O bildirdi ki, Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf edir, ətraf mühitin qorunması və ekologiya sahəsi ilə bağlı mühüm işlər görülür.
Hüseynqulu Bağırov son 10 il ərzində ölkəmizin bu sahədə böyük uğurlar qazandığını bildirərək dedi:
- İcazə verin bəzi məqamları diqqətinizə çatdırım. Bildiyiniz kimi, dünyada meşə sahələrinin qırılması artıq meyil halını almışdır. Biz Azərbaycanda bu meylin qarşısını almağa nail olmuşuq. Beləliklə, meşə sahələri ölkənin ümumi sahəsinin 0,5 faizi qədər artmışdır. Bu iş davam edir. Yalnız 2011-ci ildə Azərbaycanda 7 milyon ağac əkilmişdir ki, bu da 10 min hektar ərazini əhatə edir. Biz qorunan ərazilərin sahəsini 2 dəfə artırmışıq - 480 min hektardan 1 milyon hektaradək. Bu, çox böyük rəqəmdir. Nəsli kəsilməkdə olan heyvan növlərinin sayının artırılması layihələri üzərində işləyirik.
Sonra ekologiya və təbii sərvətlər naziri ətraf mühitin qorunması, atmosferin çirklənməsinin qarşısının alınması və digər sahələrdə aparılan işlər barədə də məlumat verdi.
X X X
Daha sonra Prezident İlham ƏLİYEV neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi, gənclərin xarici ölkələrdə təhsili, onların peşə hazırlığı ilə bağlı sualları cavablandıraraq dedi:
- Bəli, bu, qarşımızda duran mühüm məsələlərdən biridir. Biz bu məsələyə böyük əhəmiyyət veririk. Ölkəmizdə neft sektoruna nisbətən qeyri-neft sektorunda daha çox ixtisaslı kadrlara ehtiyacımız vardır. Enerji sektorunda çox yaxşı kadrlarımız, geoloqlarımız çalışır və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təhsil sahəsinə böyük investisiyalar qoyur.
Şirkətin bununla bağlı proqramı da vardır.
Bizim indiki şəraitdə menecerlərə ehtiyacımız vardır. Özəl və ya dövlət şirkətlərinin iqtisadiyyatın hansı sahəsinə aid olub-olmamasından asılı olmayaraq, inkişaf etmiş ölkələrdəki kimi idarəçiliyi bacaran menecerlərə, xidmət sahəsində ixtisaslı kadrlara ehtiyac vardır. Təkcə ötən il Bakıda beşulduzlu 3 mehmanxana istifadəyə verilib. Bu il isə daha beşulduzlu 3 mehmanxana açılacaqdır. Burada işləyəcək kadrlar hazırlanmalıdır. Sözsüz ki, biz buna investisiya qoyuluşu ilə nail ola bilərik. Lakin bu, məsələnin bir tərəfidir. Əsas məsələ isə bununla bağlı beynəlxalq təcrübə və əməkdaşlıqdan yararlanmaqdır. Bizim maliyyələşdirmə məsələləri ilə bağlı problemimiz yoxdur. İnformasiya texnologiyalarının və təhsilin inkişafı bizdə prioritet sahələrdir. Bu sahələrdə bütün səylərimizi birləşdirməli və maksimum səmərəliliyə nail olmalıyıq.
Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ilə bağlı suallara da cavab verdi:
- İş ilə təmin olunma, innovasiya, texnologiyalar, təhsil və biznes - gələcək bu sahələrlə bağlıdır. Bu baxımdan informasiya texnologiyaları sahəsi bizim üçün ən prioritet sahələrdən biridir. Biz yalnız 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini yaratmışıq.
Həmin vaxtdan keçən dövr ərzində biz bu sahədə böyük irəliləyişə nail olmuşuq. Biz Azərbaycanda, necə deyərlər, regional informasiya texnologiyaları mərkəzi yaratmışıq, neftlə bağlı olduğu kimi. Bakıda hər il “BakuTel” adlı beynəlxalq informasiya texnologiyaları konfrans və sərgisi keçirilir. Kosmik sənaye, ilk telekommunikasiya peyki – bu, birinci, lakin sonuncu olmayacaqdır. 3G texnologiyası, artıq 4G lisenziyası üzərində işləyirik. Hazırda biz “Elektron hökumət” və “Elektron imza” layihələrini təqdim etməyi planlaşdırırıq. Bir neçə ay bundan əvvəl mən bununla bağlı Sərəncam imzalamışam. Bu Sərəncama əsasən, bütün nazirliklər və dövlət agentliklərinə elektron xidmətlərin siyahısını hazırlamaq və təqdim etmək tapşırılmışdır.
X X X
Yaponiyanın mühəndislik və inşaat, neft kimyası, neftayırma sahələri və bütün növ karbohidrogen layihələri ilə məşğul olan GGC şirkətinin prezidenti və icraçı direktoru digər ölkələrdə fəaliyyətlərini genişləndirdiklərinə baxmayaraq, Azərbaycanda hələ buna nail ola bilmədiklərini və bu arzuda olduqlarını bildirdi.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda yeni neftayırma və neft-kimya zavodlarının inşasına bir neçə milyard dollarlıq investisiya qoymağı planlaşdırır.
Bu zavodlarda ən son texnologiyalar tətbiq ediləcəkdir. Biz bütün növ investisiyaları alqışlayırıq. Lakin biz, əlbəttə, şirkətlərə deyə bilmərik ki, hansı sahəyə investisiya qoy, ya qoyma. Şirkətlər hansı sahəyə investisiya qoymaqda sərbəstdirlər. Lakin bir Prezident kimi mənim üçün sənaye sahəsinin inkişafına qoyulan investisiya daha önəmlidir. Hazırda ölkəmizdə sənayenin inkişaf proqramı vardır. Biz strateji layihələr üçün maliyyələşməni və investisiya qoyuluşunu öz hesabımıza həyata keçirə bilirik. ARDNŞ hazırda milyardlarla dollar həcmində investisiyalar qoyur. Siz bizim neft şirkəti ilə əməkdaşlıq həyata keçirə bilərsiniz.
---------
18:55
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 27-də Davosda “Avrasiyanın gələcəyi” adlı sessiya keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.
İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında müasir dövrün siyasi-iqtisadi problemlərinin, eləcə də qlobal inkişafın doğurduğu əsas problemlərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsi ilə bağlı məsələlər müzakirə olundu.
Toplantıda 100-dən artıq ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, eləcə də tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, alimlər, ekspertlər, beynəlxalq təşkilatların və KİV-lərin rəhbərləri iştirak etmişlər.
Forum çərçivəsində “Avrasiyanın gələcəyi” adlı sessiya keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev sessiyada çıxış etdi.
Dövlətimizin başçısı ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışdı, bildirdi ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda 1918-ci ildə yaradılıb.
Prezident İlham Əliyev ölkəmizin XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini bildirdi, 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərə toxundu.
Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və demokratiyanın inkişafında böyük addımlar atılıb.
Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlətimizin başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də bildirdi.
Azərbaycanın beynəlxalq nüfuzunun durmadan artdığını qeyd edən Prezident İlham Əliyev dedi ki, ölkəmizdə bu gün qeyri-neft sektoruna da böyük diqqət yetirilir.
Dövlətimizin başçısı ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, sənayeləşdirmə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışdı. Prezident İlham Əliyev dedi ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çoxşaxəliliyinin təmin olunmasında böyük işlər görülmüşdür.
Prezident İlham Əliyev Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində göstərilən diqqəti də qeyd etdi.
Azərbaycanın qarşısında bütün sahələrin inkişafı ilə əlaqədar mühüm vəzifələrin durduğunu bildirən dövlətimizin başçısı ölkəmizin bu istiqamətdə səylərini davam etdirəcəyinə və yeni uğurlara nail olacağına əminliyini bildirdi.
Sessiyada, eyni zamanda, Ukrayna Prezidenti Viktor Yanukoviç və Rusiyanın VTB Bankının prezidenti Andrey Kostin də çıxış etdilər.
Sonda suallar cavablandırıldı.
---------
18:47
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın
27-də Davosda “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı –
2012-ci ilin öhdəliklərinin müəyyənləşdirilməsi” mövzusunda lanç
əsnasında panel keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
---------
13:43
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Krallığının Baş naziri Aun Al Xasauna ilə görüşü olmuşdur.
Azərbaycan Respublikası ilə İordaniya Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilən görüşdə hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulandı.
Görüşdə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.
-----------------
27.01.2012
13:43
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulandı.
Görüşdə Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
---------
13:03
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edildi.
------------------
26.01.2012
23:25
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Edisson” şirkətinin baş icraçı direktoru Bruno Leskör ilə görüşmüşdür.
Görüşdə Cənubi Avropa regionunun təbii qazla təmin edilməsi ilə bağlı müzakirələr aparıldı.
---------
22:41
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti, “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olmuşdur.
Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirdi, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğuladı. Bildirdi ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğuladı.
Görüşdə “Microsoft”un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edildi və bununla bağlı işlərin sürətləndirilməsi qərara alındı.
---------
21:27
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda “Holcim Group” şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşmüşdür.
Görüşdə “Holcim Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən, ölkəmizə investisiya qoymasından və bu şirkətin Qaradağ sement zavodunun tikintisində iştirakından məmnunluq ifadə olundu.
Azərbaycanda birlikdə təməli qoyulan yeni sement zavodunun bu il istifadəyə veriləcəyinin vurğulandığı görüşdə bunun iqtisadi əlaqələrimizin genişlənməsində önəmli hadisə olduğu bildirildi.
---------
21:20
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü olmuşdur.
Sayed Yusuf Raza Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Görüşdə əlaqələrimizin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi və bunun çox böyük əhəmiyyətə malik olduğu vurğulandı. Azərbaycanın və Pakistanın bir-birini həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəklədiyi bildirildi və bu dəstəyin bundan sonra da davam etdirilməsinin önəmi qeyd olundu.
Görüşdə ölkələrimiz arasında neft-qaz, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.
---------
19:55
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Energetika sahəsində əməkdaşlığın önəminin qeyd olunduğu görüşdə “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edildi.
---------
19:00
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, enerji sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.
Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilən görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyəti qeyd edildi.
---------
16:37
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın “Deutsche Bank”ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşü olmuşdur.
Görüşdə regionun aparıcı ölkəsi olan Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin önəmi vurğulandı, respublikamız ilə Almaniyanın “Deutsche Bank”ı arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olundu. Həmçinin, görüşdə Azərbaycan ilə “Deutsche Bank” arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger ilə görüşü olmuşdur.
Görüşdə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin rolu qeyd edildi.
---------
16:14
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı firkir mübadiləsi aparıldı.
---------
16:04
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur.
Azərbaycanın Dünya İqtisadi Forumunda iştirakının və ildən-ilə artan fəallığının əhəmiyyətinin qeyd edildiyi görüşdə son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində gedən inkişafla bağlı fikir mübadiləsi aparıldı.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab qeyd etdi ki, Azərbaycanın bu inkişafı dünyanın və Avropanın bir sıra nüfuzlu və böyük şirkətlərinin ölkəmizə marağını daha da artırır.
Görüşdə gələcəkdə yeni layihələr üzərində işləməyin əhəmiyyətini vurğuladılar.
---------
13:22
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “UBS Global” şirkətinin direktorlar şurasının sədri Qaspar Villiger ilə görüşü olmuşdur.
Görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan “UBS” bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparıldı.
Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladan Qaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini dedi.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olmuşdur.
Görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulandı.
Görüşdə 2011-ci ilin yanvarında Bakıda Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edildi. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulandı.
-----------------
25.01.2012
23:45
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü olmuşdur.
R.Hormats ABŞ Prezidentinin və dövlət katibinin salamlarını Azərbaycan Prezidentinə çatdırdı. Dövlət katibinin müavini Azərbaycanda gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində aparılan uğurlu islahatların Ağ evdə yüksək qiymətləndirildiyini dedi.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyinin ifadə edildiyi görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə, həmçinin iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Birgə Komissiyasının yaxın vaxtlarda keçiriləcək iclasının əməkdaşlığın konkret sahələrinin müzakirəsi baxımından əhəmiyyəti vurğulandı.
---------
23:34
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Avstriyanın “OMV AG” şirkəti arasında əməkdaşlıq, o cümlədən “Nabukko” qaz kəməri layihəsinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.
---------
21:57
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər ətrafında
fikir mübadiləsi aparıldı, iqtisadi, elmi tədqiqatlar və digər
sahələrdə əməkdaşlığın perspektivləri mzakirə edildi.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidmer Şlümfün görüşü olmuşdur.
İsveçrənin Prezidenti xanım Eveline Vidmer Şlümf Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu və bu münasibətlərin daha da genişləndirilməsinin zəruriliyi qeyd edildi.
Azərbaycan ilə İsveçrə arasında enerji, ekologiya və digər sahələrdə əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
---------
14:55
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
Prezident İlham Əliyev Sürixdən Davos şəhərinə yola düşdü.
---------
10:37
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 25-də İsveçrəyə işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
------------------
28.01.2012
23:04
İsveçrənin Davos şəhərində Azərbaycana həsr olunan interaktiv sessiya keçirilmişdir
---------
18:55
Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Avrasiyanın gələcəyi” sessiyasında iştirak etmişdir
---------
17:54
Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyanın Baş naziri Aun Al Xasauna ilə görüşü olmuşdur
------------------
27.01.2012
14:40
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Bronislav Komorovskinin görüşü
----------
13:03
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür
-----------------
26.01.2012
23:25
Azərbaycan Prezidenti İlham Əliyev “Edisson” şirkətinin baş icraçı direktoru Bruno Leskör ilə görüşmüşdür
---------
22:41
Prezident İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti, “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü
---------
21:27
Prezident İlham Əliyev “Holcim Group” şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşmüşdür
---------
21:20
Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü
---------
19:55
Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşmüşdür
---------
19:00
Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü
---------
16:37
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın “Deutsche Bank”ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşü
Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger ilə görüşü
---------
16:14
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşü
---------
16:04
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşü
---------
14:33
Davos İqtisadi Forumu işini davam etdirir Azərbaycan Prezidenti İlham Əliyevin “UBS Global” şirkətinin direktorlar şurasının sədri Qaspar Villiger ilə görüşü olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşmüşdür
-----------------
25.01.2012
23:45
Prezident İlham Əliyevin ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormats ilə görüşü
---------
23:34
Azərbaycan Prezidenti İlham Əliyevin “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşü
---------
21:57
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərə yola düşüb
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Eveline Vidmer Şlümfün görüşü
Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin görüşü
Foto: AzərTAc